Türkiyədə baş verən zəlzələ turist axınına təsir edəcəkmi? — EKSPERT

1677145929

Son günlər gündəmdə olan əsas mövzulardan biri Türkiyədə baş vermiş faciəvi zəlzələdir. Gündəmə uyğun olaraq turizm sənayesi nümayəndələrinin fikirlərini öyrənməyə davam edirik.

Bu dəfə suallarımızı Turizm.az turagentliyinin direktoru Nəsimi Kərəmov cavablandırıb:

Türkiyədə baş vermiş zəlzələ təəssüflər olsun ki, Türkiyə kurort bölgələrinə olan tur satışlarına təsir eləyib. Erkən rezervasiya satışları azalıb. Bunun əsas səbəbi qardaş ölkədə yaşanan bu faciəni mənəvi qəbul etməyimizdir. Türkiyənin itirdiyi hər can bizim canımızdan gedir. Hər bir azərbaycanlı zəlzələdən zərər çəkən türk qardaşlarına fərqli üsullarla yardım etməyə, dəstək olmağa çalışır. Belə vəziyyətdə səyahət planlarının azalması xalqımızın əhvalı və Türkiyəyə mənəvi bağlılığı ilə əlaqədardır. İki dövlət, bir millətik biz.

Düşünürəm ki, aprelin sonu və may ayında Türkiyədəki vəziyyət düzəlməyə doğru gedəcəkdir. Bəli, bəlkə də bəzi insanlar zəlzələ səbəbilə Türkiyəyə səyahət planlaşdırmağa çəkinəcəklər. Amma bizə verilən məlumatlara görə Türkiyənin ən sevilən səyahət kurortlarından olan Antalya, Kuşadası və Egey bölgələrində zəlzələ gözlənilmir və həmin bölgələr zəlzələ zonasında yerləşmir. Ümid edirik ki, may ayına qədər vəziyyət stabilləşər.

Zəlzələdən öncə edilmiş yay rezervasiyalarında isə ləğvetmələr demək olar ki, yoxdur. Yeni rezervasiyaların azalmasının digər bir səbəbi də bu ola bilər ki, insanlar yaranmış vəziyyətlə bağlı qiymətlərdə endirim olacağını güman edirlər, lakin bizə belə bir məlumat gəlməyib. Əksinə baş vermis hadisələrlə bağlı ərzaq, qida və s. qiymətlərdə artım baş vermişdir, bu da yaxın tarixlərdə tur qiymətlərinin bahalaşacağına dair ehtimal yaradır. Buna baxmayaraq erkən rezervasiya müddətində keçilən rezervasiyaların qiymətlərində artım olmayacaq. Ona görə bu cür narahatçılıqlarla bizə müraciət edən turistlərimizə tövsiyyə edirik ki, erkən rezervasiya qiymətlərindən yararlansınlar. Hal-hazırda turizm agentlikləri olaraq reklam etməkdən çəkinirik, çünkü qınaq obyektinə çevrilə bilərik. Düşünürük ki, hadisədən 40 gün keçdikdən sonra artıq normal reklamlar paylaşılacaq. Ümid edirəm ki, bu sezon çox məhsuldar keçəcək və hər zaman hər hadisədə olduğu kimi Türkiyə bu hadisədən də üzüağ çıxacaqdır. Türkiyə kurort zonaları həmişə dünyanın 1 nömrəli kurort zonaları olub və bu belə də davam edəcək.

AYNUR ALLAZOVA

Menecerlər